Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Fevralın 25-də Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı Cəlilabad rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib.
Anım tədbirində əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan tarixində ən qanlı hadisələrdən olan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edərək, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini bildirib. RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri vurğulayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti, zəhməti nəticəsində haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərildiyini söyləyib.
Tədbirdə çıxış edən Xocalı sakini Zaur Ələkbərov və digər şəxslər Xocalı qətliamının ağrı-acısını bir daha ictimaiyyətinin nəzərinə çatdırmışlar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Tədbirdə Xocalı soyqırımına dair rəsm əsərlərinin sərgisinə baxış keçirilib və faciəyə həsr olunmuş film nümayiş olunub.