Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının təhlili üzrə hesabat müzakirə olunub
Martın 4-də Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının təhlili üzrə hesabat”ın müzakirəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Lənkəran regional bölməsinin əməkdaşları, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional koordinatoru, Cəlilabad DAİM-in əməkdaşı, kənd təsərrüfat və layihələrin idarə edilməsi üzrə ekspert, taxılçılıq, kartofçuluq, çiyələkçilik, heyvandarlıq, quşçuluq fəaliyyəti ilə məşğul olan fermerlər və rayonda sənaye sahəsi ilə məşğul olan sahibkarlar iştirak etmişdir.
Görüş zamanı “Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının təhlili üzrə hesabat” barədə ətraflı məlumat verilmiş və icra edilməsi nəzərdə tutulmuş layihələr müzakirə edilmişdir.
Hesabatda öz əksini tapan “Cəlilabad rayonunun 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf planı” rayon iqtisadiyyatının inkişafını, əhalinin sosial rifahını daha da artırmağı, investisiyaların cəlbini, azad rəqabət mühitini, bazarlara çıxış və insan kapitalının inkişafına yardım etməklə davamlı iqtisadi inkişafa nail olmağı hədəfləyən Milli İqtisadiyyat və İqtisadiyyatın Əsas Sektorları üzrə Yol xəritələrinin, eləcə də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın rayon səviyyəsində icrasına komək etmək məqsədi ilə hazırlanmışdır.
Eyni zamanda sənədin hazırlanmasında son dövrlərdə müvafiq istiqamətdə ölkədə qəbul olunmuş siyasət sənədləri, yerinə yetirilmiş layihələr, əvvəlki dövrlərdə icra olunmuş analoji proqramlar və əldə olunmuş nailiyyətlər, həmçinin qazanılan təcrübələrdən istifadə edilmişdir.
Müzakirələr zamanı rayonda “freeze dry” texnologiyası ilə çiyələyin qurudulması müəssisəsinin yaradılması, kartofun saxlanılması anbarlarının tikintisi və ixrac zamanı avtomobil nəqliyyatının ox çəkisinin ölçülməsi ilə bağlı tərəzinin quraşdırılması layhələri İnkişaf Planına salınması təklif olunmuşdur.