Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə TƏBRİKİ

07 mart 2022 | 16:00
Əziz xanımlar!
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını tarixin hər dövründə öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin, ailə mədəniyyətinin formalaşdırılmasında müstəsna rol oynayıb. O, əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır. Tomiris, Zahidə xatun, Cəlaliyyə, Silafə, Möminə xatun, Mehrican xatun, Qüteybə xatun, Əleyha Könüldaş, Məhsəti, Sara xatun, Natəvan və digər Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar.
Müasir dövrdə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dahi oğlu, ümummilli liderimiz qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndər ölkəmizdə qadınların ictimai-siyasi həyatda rolunun və fəallığının artırılmasına xüsusi diqqət yetirərək bir sıra fərman və sərəncamlar imzalamışdır. Məhz bu zəmində qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər.
Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Azərbaycan qadınlarının tarixi xidmətləri, qazandıqları çoxsaylı uğurlar barədə danışmaqla bitməz, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət cildlərə sığışmaz. Bu mənada sədaqətli Vətən qızı, mübariz ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır.
Bütünlükdə respublikamızda olduğu kimi Cəlilabad rayonunun qadınlarının da sosial-iqtisadi və ictimai-siyasi həyatda böyük rolu vardır. Bizim qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini əsirgəməyiblər, hətta düşmən qəsbkarlığı qarşısında baş əyməyərək öz övladlarını şəhid veriblər. Biz Vətən yolunda qurban getmiş oğulların anaları, bacıları və həyat yoldaşları qarşısında baş əyirik, şəhidlərimizə qəni-qəni rəhmət diləyirik. Unutmayaq ki, xalqımızın mental tarixində Vətən sözü Ana sözü ilə daim yanaşı dayanmışdır.
Əziz xanımlar, analar, bacılar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, daima su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız!
Ən səmimi duyğularla: Rafiq Cəlilov

 

Keçidlər