Cəlilabadda qanvermə aksiyası keçirilib
Martın 10-da Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə keçirilən qanvermə aksiyasında 172 nəfər qan verib.
Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının təşkilatçılığı ilə gerçəkləşib. Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək məqsədi ilə keçirilən aksiya zamanı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında sakinlərin rahat şəkildə iştirakı üçün lazımi şərait yaradılıb.
Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər könüllü iştirak ediblər. Donorlar müvafiq tibbi müayinələrdən keçdikdən sonra aksiyaya cəlb olunublar. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.