Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Novruz bayramı qeyd edildi

15 mart 2022 | 16:00

15 mart 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.

Bayram tədbirində Cəlilabad  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əvvəlcə Heydər Əliyev Parkında bayram tonqalını alışdırdı. Bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları burada xalqımızın adət-ənənələrini özündə əks etdirən rəngarəng sərgilərlə, bölgənin Novruz ənənələri və mətbəxləri ilə tanış oldular.

Təntənəli yığıncaqda Vətən uğrunda həlak olmuş şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirakçıları, onların timsalında rayon sakinlərini Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan bahar təravətli Novruzun gəlişi münasibətilə təbrik etdi, bütün cəlilabadlılara uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzuladı.   

Rayon rəhbəri qeyd etdi ki, Novruzun bayram edilməsi  müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli irslərdən biridir. Əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürur hissilə qeyd edir. Novruz şənliklərində yaranan xoş ünsiyyət insanları həm bir-biri ilə, həm də doğma torpaqla daha sıx bağlayır.   Təbiətin oyanışının müjdəsini verən Novruz bayramı həyat və məişətimizə daxil olmuş,  xoşbəxt gələcəyə və  işıqlı sabaha inam duyğusu bəxş etmişdir. Təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən xalqımız həmişə bu mübarək məqamı xüsusi məhəbbətlə qarşılamış və müqəddəs bayram ovqatı ilə qeyd etmişdir. Sovet ideologiyası uzun illər Novruz sevincini Azərbaycanın qan yaddaşından silməyə cəhd göstərsə də, buna nail ola bilməmiş, millətimiz onu “Bahar bayramı” adı ilə qoruyaraq yaşatmışdır. Bütün məhdudiyyətlərə baxmayaraq  Novruz hər evdə qeyd edilmiş və nəsildən-nəslə dəyərli miras kimi ötürülmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin milli adət-ənənələrimizin qorunub saxlanılmasına və inkişafına göstərdiyi qayğı nəticəsində Novruz müstəqil Azərbaycan Respublikasında hər il ən əziz bayram kimi qeyd edilir.  Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin Birinci vitse-pezidenti Novruz bayramının yüksək səviyyədə keçirilməsindən ötrü bütün tədbirləri görür, onun layiqincə qeyd olunması üçün vətəndaşlarımıza hərtərəfli  şərait yaradırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş və mart ayının 21-i “Beynəlxalq Novruz  Günü” elan  edilmişdir.  

Böyük mənəvi gücə malik olan, insanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən əziz bayram münsibətilə təşkil olunmuş tədbirdə rayonun incəsənət ustalarının, mədəniyyət və təhsil müəssisələri kollektivlərinin  iştirakı ilə geniş proqramlı bayram konserti nümayiş etdirildi. Xalqımızın adət-ənənələrini əks etdirən səhnələr, el nəğmələri, Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər