Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU Cəlilabad filialında “Korrupsiyaya son” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

06 dekabr 2023 | 14:12

06 dekabr 2023-cü il tarixində ADPU Cəlilabad filialında Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə “Korrupsiyaya son” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon prokurorluğunun əməkdaşı Daşqın Səmidli, ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlı, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin sədri İlkin Qubadov və tələbələr iştirak etmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev qeyd etmişdir ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.

Daha sonra çıxış edənlər bildirmişdir ki, sovet dönəmində Ulu Öndər Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə apardığını, heç kəsin həmin dövrdə dilə gətirə bilmədiyini Ulu Öndər Heydər Əliyevin cəsarətlə əməli olaraq həyata keçirdiyini qeyd etmişlər. Heydər Əliyev ideyalarının davamçısı cənab Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi korrupsiyaya qarşı mübarizə sahəsində də Ümummilli Liderimizin əməllərini davam etdirir. Korrupsiyanın qarşısını almaq üçün mühüm addımlar atır.

Sonda iştirakçıların sualları cavablandırılıb, bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib. 

Keçidlər