Aprel şəhidi Röyal Nəsirovun ailəsi ziyarət olunub
07 aprel 2025 | 19:05
7 aprel 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi Nəsirov Röyal İmran oğlunun ailəsini ziyarət etmişdir.
Şəhidin ailəsi ilə söhbət zamanı şəhidin şərəfli həyat yolundan danışılıb. Rayon rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək, bu sahədə həyata keçirilən işlərin Cəlilabadda da davam etdirildiyini qeyd edib.
Şəhidin ailəsi dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuşdur. 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin aprel ayında Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına Şəhid olmuşdur. Aprelin 9-da Röyal Nəsirovun nəşi Məlikqasımlı kənd qəbiristanlığında dəfn edilmişdir. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.