Bir qrup şəhidin təltif olunduğu orden və medallar ailəsinə təqdim edilib
Cəlilabad Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Həsənov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rafiq Cəlilov Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıb. Qeyd edilib ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. RİH başçısı təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salıb və onların qəhrəmanlıqlarından söz açıb.
O bildirib ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.
Daha sonra mərasimdə kiçik çavuş Əsgərov Şəhriyar İsa oğlu və əsgər Əkbərov İbarət Faiq oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, baş leytenat Hüseynli Əmrah Namiq oğlunun təltif olunduğu “Qubadlının azad olunmasına görə” və baş leytenat Kərimov Asif Məmməd oğlunun, əsgər Əzizov İbrahim Şaməddin oğlunun təltif olunduğu “Şuşanın azad olunmasına görə” medalları onların ailəsinə RİH başçısı tərəfindən təqdim olunub.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.