Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad, Biləsuvar və Neftçala rayonlarının ərazisində dənli, texniki bitkilərin biçini ilə bağlı görülmüş işlər, aparılan maarifləndirmə tədbirləri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir

11 iyun 2025 | 16:38

Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Aqroservis ASC-nin sədri Əlövsət Qarayev, "Agro Dairy" şirkətlər qrupu Cəlilabad Aqroparkın nümayəndəsi Azil Söhbətov, Biləsuvar və Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin və Aqroservis ASC-nin əməkdaşları, kənd(şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri, mexanizatorlar və fermerlər iştirak etmişdir.    

Müşavirəni giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  Cəlilabad rayonunun aqrar rayon olduğunu bildirərək rayon ərazisində 46980 hektar buğda, 13450 hektar arpa, 4590 hektar vələmir, 7520 hektar noxud, 600 hektar mərci, 60 hektar lərgə, 75 hektar qarğıdalı, 320 hektar günəbaxan, 110 hektar yonca, 1430 hektar üzüm və 650 hektar çiyələk və s. bitkilərin əkildiyini və ümumilikdə rayon üzrə 80 min hektar sahədə əkin aparıldığını bildirmişdir. Rafiq Cəlilov hazırda əkilmiş sahələrdən buğda və apranın biçininə başlanıldığını və biçilmiş 1050 hektar buğda sahəsindən 3680 ton, 8200 hektar arpa sahəsindən isə 25100 ton arpa istehsal olunduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Rafiq Cəlilov görülən işlərlə yanaşı əkin sahələrində mühafizə zonalarının əkilməsi, məhsul biçinində iştirak edən texnika sahiblərinin sənəd və vəsiqələrinin olmaması, texnikalarda yanğınsöndürmə balonlarının olmaması və biçilmiş sahələrin yandırılması kimi halların aradan qaldırılmasını və bu sahədə koordinasiyalı işin qurulmasının vacibliyini aidiyyəti qurumlara bildirmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışı zamanı bu gün taxıl tədarükünün iqtisadiyyatımızın ən önəmli sahələrindən olduğunu, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edildiyini bildirmişdir. Sarvan Cəfərov taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməli olduğunu qeyd etmişdir.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov çıxışında ilk növbədə Biləsuvar rayonunun kənd təsərrüfatı sahəsində gördüyü işlər, əkin sahələri barədə məlumat verərək həmin sahələrin qorunması və hər bir hadisəyə vaxtında çatmaq üçün yol probleminin aradan qaldırılmasının vacibliyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.

Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov öz çıxışında dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilməli olduğunu qeyd etmişdir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalı, taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməli olduğunu bildirmişdir. Samir Kərimov həmçinin istifadə müddəti keçmiş odsöndürən balonların tərkib hissəsinin dəyişdirilməsi, avtomatik yanğın xəbərverici qurğuların qurulması, eləcə də mövcud qurğulara mütəmadi olaraq texniki xidmətin göstərilməsi, mövcud yanğın su hovuzlarının texniki cəhətdən saz və su ilə dolu saxlanılması, elektrik naqillərinin yanğınsöndürən maşınlara maneəsinin aradan qaldırılması və təxliyə yolunun daim açıq vəziyyətdə saxlanımasının vacibliyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Digər iştirakçılar Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov və "Agro Dairy" şirkətlər qrupu Cəlilabad Aqroparkın nümayəndəsi öz çıxışlarında kənd təsərrüfatı sahəsində görülən işlər, əkin sahələri, texnikalara və bu gün aparılan məhsul yığımı barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Fermer Lətif Ağayev əkin sahəsinin çox olduğunu lakin, əkin zamanı toxumluq buğdanın az verildiyini və biçin zamanı kombayn çatışmamazlığını bildirərək köməklik göstərilməsi üçün  Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərova müraciət etmişdir. Sarvan Cəfərov qeyd edilən suallara ətraflı cavab verərək köməklik göstərilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbəsinin əməkdaşına öz tapşırıqlarını vermişdir.

Daha sonra regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdən sonra müşavirə iştirakçıları Cəlilabad rayonunun Üçtəpə kəndində taxıl biçininin gedişi ilə tanış olub, fermerlərlə görüşüblər.

Keçidlər