Cəlilabad meşələrində monitorinq keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Cəlilabad rayonunda meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə biznes məqsədilə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsinin qarşısının alınması üçün operativ qərargah yaradılmışdır.
15 dekabr 2022-ci il tarixdə qərargah üzvləri tərəfindən rayonun Fətullaqışlaq və Oğrubulaq kəndlərində ağacların qanunsuz kəsilməsi ilə əlaqədar monitorinq keçirilib.
Monitorinq zamanı məlum olmuşdur ki, Oğrubulaq kənd sakinləri Qəhrəmanov Namiq Tapdıq oğlu və Həsənov Bəxtiyar Adil oğlu Masallı Regional Meşəçilik Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayından qanunsuz olaraq ağacları kəsərək həyətlərində primitiv üsulla düzəldilmiş kömür quyularına basdırmışlar. Araşdırma zamanı həmin şəxslərin kömür quyularına dair icazə sənədlərinin olmadığı məlum olmuşdur.
Aşkar olunmuş faktla bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Masallı Regional Meşəçilik Mərkəzinin əməkdaşları tərəfindən akt və protokol tərtib edilmiş, dolayın ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş 8 ədəd azat ağacının kəsilməsi faktı ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilmişdir.