Cəlilabad Rayon Ağsaqqallar Şurasının hesebat konfransı keçirilib
Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Tədbir iştirakçılarını salamlayan RİH başçısı Rafiq Cəlilov cəmiyyətimiz və dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən ağsaqqalların Cəlilabad rayonundakı xidmətlərindən bəhs edib, ağsaqqal məsləhətinə, ağsaqqal sözünə, öyüd-nəsihətinə hər birimizin, xüsusilə də gənclərimizin böyük ehtiyacı olduğunu vurğulayıb.
İcra başçısı ağsaqqalların bundan sonra da ölkəmizin, rayonumuzun ictimai-mədəni həyatında yaxından iştirak edəcəklərinə əmin olduğunu bildirərək, hesabat konfransının keçirilməsində hər kəsə uğurlar arzulayıb.
Çıxış edən Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov və digər natiqlər də rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov konfransda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Abel Məhərrəmov respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından və Azərbaycan Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən söz açıb. Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib.