Cəlilabad Rayon Ağsaqqallar Şurasının növbəti hesebat konfransı keçirilib
13 may 2025-ci il tarixdə Cəlilabad Rayon Ağsaqqallar Şurasının 2024-cü il ərzində gördüyü işlərin yekununa dair hesabat konfransı keçirilib.
Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbiri giriş nitqi ilə açaraq milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların Cəlilabad rayonunun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər bir kəsin ehtiyacının olmasından danışıb.
Daha sonra Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.
Rayon Ağsaqqallar Şurasının üzvləri rayon ağsaqqallarının gördükləri səmərəli işlərdən söz açıblar və bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov Şuranın sədri Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, xüsusilə son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.