Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatında 2022-ci ildə dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı görülmüş işlər, aparılmış maarifləndirmə və etik davranış qaydalarının pozulması halları, həmçinin buna görə tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə hesabat

06 yanvar 2023 | 19:00

2022-ci il ərzində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  «Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üçün  Milli Fəaliyyət Planı» na və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında»  Azərbaycan Respublikasının Qanunu uyğun olaraq etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, həmçinin etik davranış qaydalarının pozulması halları ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə  təşkil olunmuş təlimlərdə rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliyində çalışan dövlət qulluqçularının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin mühazirələri dinlənilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun  məqsəd və mahiyyəti, prinsipləri və  qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir. Tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.

Eyni zamanda dövlət qulluqçularından gözlənilən  davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə, həmçinin  dövlət qulluqçularının qeyri etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır.

Bununla yanaşı, dövlət orqanlarında qulluğa ixtisaslı və peşəkar kadrların cəlb edilməsi, bu orqanların fəaliyyətinin  müasir tələblərə  uyğun qurulması və   səmərəliliyinin artırılması məqsədi ilə Dövlət qulluğunun bütün sahələrinə ali təhsili kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq başa çatdırılmışdır. Belə ki, 2022-ci ildə  rayon icra hakimiyyəti strukturna 46 kadr təyinatı olmuşdur. Təyin edilən kadrların böyük əksəriyyətini gənclər, ali təhsilli Vətən müharibəsi qazilərimiz və dövlət qulluğunda iş təcrübəsi olan digər ali təhsilli vətəndaşlarımız  təşkil etmişdir.

2022-ci ildə rayon icra hakimiyyəti aparatı, eləcə də inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində etik davranış qaydalarının pozulması hallarına da yol verilmiş və həmin dövlət qulluqçuları barədə intizam tənbehi tətbiqinə əsas verən cəzalandırma tədbirləri həyata keçirilmişdir. Belə ki, 2022-ci il ərzində verilən tapşırıqları vaxtında və dəqiq icra etmədiyinə və  tapşırıqları icra edərkən nöqsanlara yol verdiyinə, vətəndaşların qaldırdıqları sosial problemlərin həll olunmasına və onları doğuran şəraitin aradan qaldırılmasına səy göstərmədiyinə görə, maddi və qeyri-maddi nemətlərin imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməsinə, həmçinin mədəni davranış nümunəsi göstərmədiyinə görə 10 dövlət qulluqçusuna töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir.

Bütün bunlarla yanaşı 2022-ci ildə müvafiq fəaliyyət planına uyğun olaraq rayon rəhbərliyi ictimaiyyətin iştirakı ilə təşkil etdiyi tədbirləri, aparılan müzakirələri və illik hesabatları, həmçinin abadlıq quruculuq və bu sahdə görülən digər işləri  rayon icra hakimiyyəti başçısı aparatının mövcud internet səhifəsi və sosial şəbəkə hesablarında yerləşdirərək əhalinin  məlumatlandırılmasını təmin etmişdir.  Aparılmış islahatlar nəticəsində rayon icra hakimiyyəti başçısı aparatında və rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində strukturun fəaliyyətinin  müasir tələblərə  uyğun qurulması və   səmərəliliyinin artırılması   işinə xususi diqqət yetirilmiş, vakant yerlər üçün müraciət edən kadrlar üçün ehtiyat kadr bankı yaradılmışdır.

Bundan sonra da Cəlilabad Rayon İcra Hakimiyyəti «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında»  Azərbaycan Respublikasının Qanunun tələbləri ilə bağlı  məqsədyönlü tədbirlərin həyata keçirilməsi işlərini diqqət mərkəzində saxlayacaqdır.

Keçidlər