Cəlilabad Rayon İcra Hakimiyyəti zəbt olunmuş torpaqlarla bağlı tədbirlərə başladı
Hazırda ölkəmizdə qeyri-neft sektorunun müqayisəli üstünlüyə malik sahələrindən olan kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetdir. Aqrar sektorun inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi ,ixrac potensialının gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və qanunvericiliyə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti ciddi araşdırma işləri apararaq zəruri tədbirlərin həyata keçirilməsi işinə başlamışdır.
Zəbt edilmiş torpaqlarla bağlı ilk monitorinq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində həyata keçirilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq göstərişinə əsasən başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov və digər səlahiyyətli şəxslər tərəfindən nümayəndəliyin ərazisində zəbt edilmiş torpaqların monitorinqi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, aparılacaq monitorinqlər zamanı qanunsuz olaraq istifadə edilən zəbt torpaq sahələrinin yenidən icarə müqaviləsi əsasında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və digər şəxslərə verilməsi nəzərdə tutulmuşdur.