Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ictimaiyyətinə təbriki
Əziz Cəlilabadlılar!
Xalqımız həmişə olduğu kimi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və 2023-cü ilin gəlişini böyük ürək açıqlığı və ruh yüksəkliyi ilə qeyd edir. Məhz belə günlərdə cəmiyyətimizdə gələcəyə dərin inam, ruh yüksəkliyi, humanizm və xeyirxahlıq duyğuları özünü daha bariz şəkildə göstərir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə meydana çıxmış Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilmişdir və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Hər birimiz bir daha minnətdarlıq hissi ilə qeyd edirik ki, dahi rəhbərimiz xalqımızın xoşbəxt gələcəyini milli birlikdə, dünyanın bütün guşələrinə səpələnmiş azərbaycanlıların bir doğma ideya - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməkdə görürdü. Ulu öndərimiz dəfələrlə bəyan etmişdi ki, harada yaşamasından və fəaliyyət göstərməsindən, hansı ictimai qurumda çalışmasından asılı olmayaraq azərbaycanlıların dünya ailəsində tanınmasının ilkin şərti azərbaycançılıq ideologiyasıdır, bu ideologiyanı hər bir həmvətənimiz və soydaşımız əl-ələ verib inkişaf etdirməli, gələcək nəsillərə çatdırmaqda səylərini əsirgəməməlidir.
Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin səmərəli siyasəti bu gün bütün dünyaya nümunədir. Cənab İlham Əliyevin Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında vurğuladığı kimi, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər daim diqqətdə saxlanılmalıdır. Biz taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın ana dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirməliyik.
Qeyd etdiyim kimi, vətəndaşlarımız eyni zamanda 2023-cü ilin gəlişini qeyd edirlər. Hər şeydən əvvəl vurğulamaq xoşdur ki, qarşıladığımız 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlamətdardır və hamımıza məlum olduğu kimi bu il ölkəmizdə “Heydər Əliyev ili” elan olunmuşdur.
Məhz dahi rəhbərimizin milli maraqlara söykənmiş irsi sayəsində hər ötən il yaddaşlarımıza yeni fərəh doğuran hadisələrlə həkk olunur. Yola saldığımız 2022-ci il də bu cəhətdən bizim üçün uğurlu olmuşdur.Dövlətimizin apardığı düşünülmüş iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilmişdir və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət sayəsində dövlətimiz beynəlxalq miqyasda öz mövqeyini daha da möhkəmləndirmiş, bütün sahələrdə davamlı inkişafa nail olunmuşdur.
Hazırda Vətənimizin digər guşələrində olduğu kimi, Cəlilabad rayonunda da həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi, bir sözlə, dinamik inkişaf göz qabağındadır. Rayonda aparılan tikinti-abadlıq, quruculuq işləri, müxtəlif səpkili sosial-iqtisadi vəzifələr yüksək səviyyədə yerinə yetirilmişdir. Bütün bunlar bizim milli nailiyyətlərimizdir, bu nailiyyətləri əlimizdən heç bir qüvvə ala bilməz.
Əziz Cəlilabadlılar! Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Dərin hörmətlə,
Rafiq Cəlilov
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı