Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Novruz bayramı münasibəti ilə təbriki.
19 mart 2025 | 19:47
Əziz cəlilabadlılar!
Bayramlar içində ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz münasibətilə sizi ürəkdən salamlayıram.
Əsrlərin sınağından çıxmış bu bayram bizim milli bayramımızdır, müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli irslərdən biridir. Bayramların ən gözəli Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.Xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin milli adət-ənənələrimizin qorunub saxlanılmasına və inkişafına göstərdiyi qayğı nəticəsində Novruz müstəqil Azərbaycan Respublikasında hər il ən əziz bayram kimi qeyd edilir. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Novruz bayramının yüksək səviyyədə keçirilməsindən ötrü bütün tədbirləri görür, onun xüsusi təmtəraqla qeyd olunması üçün vətəndaşlarımıza hərtərəfli şərait yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmuş və mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Əziz cəlilabadlılar! İnsanlar arasında səmimiyyət və saflıq duyğularını gücləndirən bu bayram günlərində hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına xoş ovqat və sevinc arzu edirəm. Təbiəti gözəlləşdirən Novruz bayramı, həyatınızı daha da gözəlləşdirsin. Bütün ömrünüz yaz gülləri qədər ətirli və təravətli olsun.
Qoy bu bayram Vətənini, el-obasını sevən hər bir insanın bütün arzuları çin olsun, hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin!
Novruz bayramınız mübarək!
Hörmətlə
Rafiq Cəlilov