Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Novruz bayramı münasibətilə təbriki

20 mart 2023 | 10:01

      Əziz cəlilabadlılar!

     Sizi, Azərbaycan xalqının mənəvi dəyərləri sırasında özünəməxsus yer tutan Milli bayramımız-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda, xalqımızın rifahı,dövlətimizin inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayıram!

    Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

    Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

    Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yenilməz, qətiyyətli rəhbərliyi, dahiyanə siyasi uzaqgörənliyi, informasiya sahəsindəki şəksiz liderliyi sayəsində 30 ilə yaxın müddətdə Ermənistanın əsarəti altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Bu haqq savaşımızda ölkəmizin ərazi bütövlüyünün bərpası naminə canlarını qurban verərək millətimizin başını bütün dünyada göylərə qaldıran qəhrəman Vətən övladlarını sonsuz hörmət və ehtiramla yad edir, Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik.

   Əziz cəlilabadlılar! Sizi və sizin timsalınızda bütün xalqımızı bu əlamətdar el şənliyi, Novruzun gəlişi münasibətilə təbrik edir, sizlərə ən xoş arzularımı bildirirəm. Qoy bu bayram hər bir evə, hər bir ailəyə gözəl ovqat bəxş etsin, arzularınız, istəkləriniz həyata keçsin. Evlərinizə sevinc, səadət gəlsin.

     Novruz bayramınız mübarək olsun!

                                                                                                                                                                                                                                                                                                    Hörmətlə Rafiq Cəlilov

Keçidlər