Cəlilabad rayon məktəblərində “Bilik günü” qeyd olundu
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində olub.
Əvvəlcə məktəbin qarşısında yerləşən Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün önünə gül dəstələri düzülüb.
RİH başçısı Rafiq Cəlilov “Bilik Günü” münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb və ötən tədris ilinin Cəlilabad rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini bildirib, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını qeyd edib. Xüsusi vurğulayıb ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır.
Daha sonra RİH başçısı Rafiq Cəlilov 1-ci sinif şagirdləri ilə onların dərs keçdikləri otaqlarda görüşmüş, fidan balaların söylədikləri Vətənə, məktəbə, müəllimə həsr olunmuş şeirləri dinləmiş, onlarla xatirə şəkli çəkdirmişdir.






