Cəlilabad rayonu ərazisində yeni bir qədim yaşayış məntəqəsi aşkarlanmışdır
13 avqust 2024 | 17:55
Qədim abidə Cəlilabad rayonunun Muğan kəndindən 500 m cənubda, Göytəpə-Cəlilabad yolunun sol tərəfində yerləşir və təxminən 1 ha ərazini əhatə edir.
Cəlilabad rayonunun Muğan kənd sakinlərinin müraciəti əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cənub regional idarəsinin əməkdaşları ilə əraziyə baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən edilmişdir ki, bu sahə çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, onun ən alt qatında Xalkolit, Tunc və üst təbəqədə isə Son orta əsirlərin maddi mədəniyyət nümunələrinə rast gəlinir.
“Küllütəpə” adlandırılan kurqanın tarixi-arxeloji əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Milli Elimlər Akademiyasının Arxeologiya və Antropolojiya İnstitutu tərəfindən abidə kimi dövlət qeydiyyatına alınması məqəsdilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.12.7-ci yarımbəndinə əsasən, yerli icra hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.
Hazırda Cəlilabad Rayon İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elimlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Cəlilabad rayonunun Muğan kəndi ərazisində aşkarlanmış şərti adı “Küllütəpə” adlandırılan kurqanın tarixi-arxeloji əhəmiyyəti nəzərə alınaraq abidə kimi dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərə başlanılmışdır.