Cəlilabad rayonuna məişət tullantılarının yığılaraq poliqona daşınması üçün yeni zibil yığan maşın verilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2025-ci il tarixli 261s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının şəhər və rayonlarında kommunal təsərrüfatı sahəsinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyətinə 1 (bir) ədəd “Kamaz-65115 6*4 KO427-80” markalı kommunal təyinatlı xüsusi texnika ayrılmışdır.
Xidmət sahəsinin fəaliyyətinin daha səmərəli təşkili, məişət tullantılarının vaxtında toplanması və daşınması məqsədilə texnika Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən əvəzsiz olaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına təqdim edilmişdir.
Qeyd edək ki, məişət və digər tullantıların xüsusi konteynerlərdən yığılaraq poliqona daşınması üçün nəzərdə tutulan yeni texnika ilə təminat əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına, ətraf mühitin təmizliyinin qorunmasına və iş prosesinin operativliyinin artırılmasına xidmət edir.
Əhalimizi məişət tullantılarını zibil qutularına atmağa, şəhərimizin estetik görüntüsünə və ekoloji cəhətdən çirklənməsinə qarşı birgə mübarizə aparmağa çağırırıq!






