Cəlilabad rayonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilmişdir
Oktyabrın 18-də Cəlilabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 33-cü ildönümü qeyd olunub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində dövlət himni səsləndirilmiş və müstəqillik günündən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibətilə təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni müstəqil inkişaf dövrü başlamağından, bu yolda xalqımızın mübarizə əzmindən və Ulu Öndərin xidmətlərindən bəhs etmişdir. Rayon rəhbəri vurğulayıb ki, hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi getdikcə daha da möhkəmlənib. Həmçinin rayon rəhbəri bildirib ki, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Tədbirdə çıxış edənlər Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar.