Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icra vəziyyəti və rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində torpaq münasibətlərinin tənzimlənməsi ilə əlaqədar müşavirə keçirilmişdir

08 avqust 2024 | 10:04

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin rəis müavini Fərid Cəfərov, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Yerquruluşu və Daşınmaz Əmlakın Vahid Dövlət Kadastrı departamentinin şöbə müdiri Mahir Əlirzayev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, aidiyyəti idarə-təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icra vəziyyəti, görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar barəsində danışmışdır. Eyni zamanda müşavirənin gündəliyində olan məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.  Belə ki, ərazilərdə torpaq münasibətlərinin tənzimlənməsi, dürüstləşmə işləri aparılmış ərazilərdə torpaq üzərində yaranmış vətəndaş mübahisələrinin həll edilməsinə qanunamüvafiq qaydada yenidən baxılması, inzibati ərazi dairələrinin sərhədlərində yaranmış sərhəd mübahisələrinin həll edilməsinə baxılması, 2003-cü ildə aparılmış torpaq islahatı zamanı bələdiyyə mülkiyyətinə aid BEF, KPİ və örüş sahələrinin pay torpağı kimi verilməsi və vətəndaşların bu əraziləri boşaldmamasına görə bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin konturlarda artıq qalan ərazilərlə əvəzlənməsi məsələsi, torpaq islahatı zamanı vətəndaşların adlarına zəbt kimi yazılaraq pay torpağından çıxılan ərazilərin yaşayış məntəqələrin torpaqları kimi qeyd edilməsi səbəbindən  sənədləşdirilməsində problemlərin yaranması, vətəndaşların pay torpağından əlavə istifadə etdikləri ərazilərin pay torpağı çatışmayan vətəndaşlara pay torpağı kimi verilməsi məsələsi, uçot xəritələrinə əsasən pay torpaq sahələri naturada tanıdılan zaman faktiki istifadə vəziyyətinə görə sürüşmələr baş verdiyindən ərazinin yerləşdiyi bütün konturun yerəköçürməsinin aparılması məsələsinə baxılması, torpaq islahatı zamanı vətəndaşların adına zəbt kimi yazılmış və pay torpağından çıxılmış ərazilərin naturada mövcud olmaması, birinci islahat zamanı bəzi vətəndaşların dövlət aktına əsasən aldıqları çıxarışda göstərilən torpaq sahələrinin ölçüsünün elektron uçot xəritələrində azalmasının səbəbinin araşdırılması məsələsi, yaşayış məntəqələrinin hüdudları daxilində zəbt kimi yazılmış və pay torpağından çıxılmış ərazilərə hüquqmüəyyənedici sənədlərin verilməsi məsələsi, pay torpaqlarından artıq qalan, zəbt edilən ərazilərin uçot xəritələrində bələdiyyə mülkiyyəti kimi yazılaraq sənədləşdirilməsinə köməklik göstərilməsi və mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi üçün müşavirənin təşkil edildiyini bildirmişdir.

Gündəlikdə olan məsələrlə bağlı müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara ətraflı izah verilib.

Sonda Cəlilabad rayonunda aparılmış elektron uçot işlərinin nəticəsi olaraq hazırlanmış bölgü xəritələrinə əsasən yaxın günlərdə vətəndaşların xüsusi mülkiyyətində olan çıxarışlarla rəsmiləşdirilmiş pay torpaq sahələri naturada ölçülərək (yerəköçürmə) mülkiyyət sahiblərinə təhvil veriləcəyi bildirildi.

Keçidlər