Cəlilabad rayonunda dövlət fond torpaqları ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir
20 may 2022-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilmiş seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, rayon icra hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Tural Abdulzadə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin rəisi Əli Babayev, rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri-baş mühasib Surxay Səlimov, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elxan Xudaşlı, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.
Seminarı rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev giriş sözü ilə açaraq dövlət fond torpaqlarından istifadə edən hüquqi və fiziki şəxslərin bu günə kimi yaranmış vergi borclarının dövlət büdcəsinə ödənilməsi ilə bağlı məlumat vermişdir.
Başçının müavini Nazim Şükürov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.3.4-cü bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi yerli icra hakimiyyətinin vəzifələrindən biri kimi müəyyən edildiyi və qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış icarə müqavilələrində nəzərə alınmış icarə haqqlarının torpaq istifadəçiləri tərəfindən vaxtında ödənilməsini bildirdi.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Tural Abdulzadə və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin rəisi Əli Babayev öz çıxışlarında Cəlilabad rayonu üzrə vergilərin yığılmasından ve ümümi vergidən daxil olmalardan söz açaraq seminar iştirakçılarına bu günə kimi ödənilməmiş vergi borcları barədə məlumat verdilər.
Seminarın sonunda rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elxan Xudaşlı çıxışında aparılan e-audit yoxlama nəzarət və təhlil işlərinin nəticəsi olaraq informativ rəqəmsal cədvəllər hazırlandığını və o, cədvəllər əsasında rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin dövlət fondu torpaqlarından istifadə edən icarəçilərin icarə haqqları üzrə yaranmış vergi borclarının yığılması ilə bağlı müvafiq metodologiyadan istifadə edərək qısa bir zamanda vergi borclarının yığılmasında dönüş yaradacağını bildirmişdir.