Cəlilabad rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzi ziyarət olunub
Cəlilabad rayonu üzrə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi və uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həmçinin çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədi ilə fəaliyyət göstərən günərzi qayğı mərkəzi Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Sadatov və rayon icra hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənov tərəfindən ziyarət edilmişdir. Uşaqlara göstərdiyi qayğı və dəstəklərinə görə rayon rəhbərliyi adından mərkəzin kollektivinə təşəkkür edilmiş, mərkəzə rayon icra hakimiyyəti başçısı adından hədiyyələr təqdim edilmişdir.
Qeyd edək ki, rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzinə ixtisaslaşmış mütəxəssislər cəlb olunmaqla sağlamlıq imkanları məhdud uşaqların psixo-sosial reabilitasiyası və onların ailələrinə sosial xidmətlər həyata keçirilir. Bu mərkəzə valideyn himayəsindən məhrum olan, həmçinin aztəminatlı ailələrin uşaqları da qəbul edilir.
Mərkəzdə müəllim, fizioterapevt, dayə, aşbaz, paltaryuyan, xadimə və digər peşələr üzrə işçilər mövcuddur. Hazırda mərkəzdə 30 nəfərdən çox uşağa təhsil, müalicə və bir neçə istiqamətdə sosial xidmət göstərilir. Gündə 3 dəfə yeməklə və yataqla təmin edilən uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər keçirilir, eksursiyalar təşkil edilir. Layihə çərçivəsində valideynlərlə hər həftə görüşlər keçirilməklə, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında köməklik göstərilir. Eyni zamanda günərzi qayğı mərkəzində uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişafı üçün işlər aparılır