Cəlilabad rayonunda “Gənclər narkomaniyaya yox deyir!” mövzusunda tədbir keçirilib
01 dekabr 2023-cü il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclər Narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Qalib Xudaverdiyev, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsləhətçisi Vasif Quliyev və tələbələr iştirak etmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını qeyd edərək, bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat vermişdir.
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsləhətçisi Vasif Quliyev zərərli vərdişlər və onların törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, zərərli vərdişlərə aludəçilik sonda ən ağır və qarşısıalınmaz bəlalara gətirib çıxarır. Vasif Quliyev gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb və bu sahədə bir sıra məsləhətlərini verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.