Cəlilabad rayonunda icbari əmlak sığortası ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Paşa Sığorta Açıq Səhmdar Cəmiyyətinin Lənkəran (cənub regional) nümayəndəliyinin rəhbəri Ramazan Mehdizadə, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, inzibati ərazi dairəsi üzrə nümayəndələr, nümayəndəliyin mühasibləri və bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə başçının birinci müavini Qalib Xudaverdiyev açaraq daşınmaz əmlakın icbari sığortası barədə ümumi məlumat vermiş, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanmalar, təbii fəlakətlər, zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, yer sürüşməsi, leysan və bu kimi hadisələr baş verərkən dəymiş ziyanın icbari sığorta tərəfindən ödənişinin həyata keçirildiyini bildirmişdir. Qalib Xudaverdiyev çıxışı zamanı müşavirə iştirakçılarına, nümayəndə və bələdiyyə sədrlərinə yaşadıqları ərazidə vətəndaşlar arasında icbari sığorta haqqında maarifləndirici söhbətlərin aparılmasını tapşırmışdır.
Paşa Sığorta Açıq Səhmdar Cəmiyyətinin Lənkəran (cənub regional) nümayəndəliyinin rəhbəri Ramazan Mehdizadə çıxışı zamanı hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, binaların və mənzillərin, habelə dövlət əmlakının sığortasının icbari olduğunu bildirmişdir. Eyni zamanda o, daşınmaz əmlakın icbari sığortasının daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edildiyini, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə, su, kanalzasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verdiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Ramazan Mehdizadə mənzil və evlərin bölgələrdə illik sığorta məbləğinin 30.0 (otuz manat) manat olduğunu bildirmişdir.
Ramazan Mehdizadə çıxışının sonunda daşınmaz əmlakın icbari sığortasının vacibliyini nəzərə alaraq şəhər və kənd ərazilərində yaşayan vətəndaşlar arasında fərdi yaşayış evlərinin icbari sığorta olunmasının və sığorta ilə bağlı keçirilən tədbirlərə cəlb edilmələrini müşavirə iştirakçılarına bildirmişdir.
Müşavirənin sonunda mövzu ilə bağlı interaktiv müzakirələr aparılmış, suallar cavablandırılmışdır.