Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin məşğulluq proqramında nəzərdə tutulmuş işlər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta üzrə sığorta haqlarının vaxtında ödənilməsinin təşkil edilməsi barədə müşavirə keçirilmişdir

18 dekabr 2023 | 18:19

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsinin müfəttişi Sübhan Tağızadə, ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Filialının Təhlil və Tərəfdaşlar şöbəsinin müdiri Nahid Nağdıyev, Lənkəran-Astara Regional Məşğulluq filialının Cəlilabad xidmət şöbəsinin müdiri Sadiq Abbasov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, Cəlilabad Rayon Maliyyə şöbəsinin gəlirlər və xərclərin proqnozlaşdırılması sektorunda məsləhətçi Üzeyir Şahbazov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin  insan resursları şöbəsinin müdiri Səyyad Bağırov, Cəlilabad bələdiyyəsinin sədri Fərqanə Məmmədova, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon Komitəsinin sədri Zabil Əliyev və sahibkarlar iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparıldığını, risk qruplarının müəyyən edildiyini, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirlərinin keçirilməsinin vacibliyini  nəzərə alaraq Cəlilabad rayon icra hakimiyyəti başçısının 29 noyabr 2021-cü il tarixli 155 nömrəli Sərəncamı ilə Məşğulluğa kömək üzrə Əlaqələndirmə Komitəsinin tərkibinin təsdiq edildiyini qeyd etmişdir.

Qalib Xudaverdiyev məşğulluğun rayon icra hakimiyyəti tərəfindən məqsədyönlü işlərin görüldüyünü, hal-hazırda rayonda ümumilikdə 13028 nəfər vətəndaş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində iş axtaran kimi qeydiyyata alınmışdır. Onlardan 992 nəfəri özünüməşğulluq proqramına, 332 nəfəri isə ictimai işlərə cəlb edilməsi üçün növbəyə alındıqlarını bildirmişdir.

Müşavirədə çıxış edən digər iştirakçılar rayonda qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını, bu sahə üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyacın olduğunu bildirmişlər.

Müşavirədə rayon icra hakimiyyəti Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin işinin bundan sonra da səmərəli təşkil edilməsi, rayonda qeyri-formal məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət və digər məsələlər müzakirə edilmişdir.

Keçidlər