Cəlilabad rayonunda “Narkotik vasitələrin və psixotrop maddələrin zərərləri, müalicə və reabilitasiya imkanları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Rayon Polis Şöbəsinin, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının rəhbərliyi və tələbələri iştirak ediblər.
Tədbirin əsas məqsədi əhali, xüsusilə gənclər arasında narkotik və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər barədə məlumatlılığı artırmaq, sağlam həyat tərzini təşviq etmək olub.
Görüş zamanı narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri, asılılığın erkən əlamətlərinin tanınması və vaxtında tibbi yardıma müraciətin vacibliyi, müalicə və reabilitasiya imkanları, eləcə də müraciət qaydaları, asılılığı olan şəxslərə və onların ailələrinə qarşı stiqmanın azaldılması, onlara anlayış və dəstək göstərilməsinin əhəmiyyəti barədə maarifləndirici məlumatlar verilib.
Tədbirdə narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin, erkən müdaxilənin, tibbi yardımın və cəmiyyətin birgə fəaliyyətinin mühüm rolu vurğulanıb.






