Cəlilabad rayonunda şəhid ailə üzvləri və Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib
Görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova, TUİB- Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edmişlər. Daha sonra Heydər Əliyev Mərkəzində tədbirin rəsmi hissəsinin açılışı olmuş, dövlət himni səsləndirilmiş və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, tədbir iştirakçılarını və gələn qonaqları salamlamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, sizinlə görüşümüz doğma Azərbaycanımızın tarixində ən əlamətdar bir vaxta təsadüf edir. Bu günlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezident seçilməsinin 20 illiyi ərəfəsində Azərbaycanın üçrəngli qələbə bayrağını Xankəndi, Ağdərə, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Xocavənddə, Sərsəng su anbarının ərazisində dalğalandırdı. Xalqımız öz tarixində iftixar və fərəhlə yaddaşlarda qalacaq ən parlaq səhifəyə imza atdı.
Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların iqtisadi, sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını, bu qayğının hər zaman davam edəcəyini bildirdi.
Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə şöbə rəisi Zümrüd Səmədova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq müxtəlif addımlar atılır, tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur. Düşünürəm ki, şəhid ailələri Vətənə əmanətdi. Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq.
TUİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat qeyd edib ki, Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Müdafiə Nazirliyi ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsat almış bu kimi nəcib təşəbbüsləri davam etdirəcəyik.
Tədbirin sonunda incəsənət nümayəndələri vətənpərvərlik və döyüş ruhunda musiqi nömrələri ilə çıxışı etmişlər.