Cəlilabad rayonunda su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrinin yaradılması ilə bağlı görüş keçirilib
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Cəlilabad rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 nömrəli Regional Su-kanal idarəsinin Cəlilabad su-kanal sahəsində maarifləndirici görüş keçirilib.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və 3 nömrəli Regional Su-kanal idarəsinin Cəlilabad su-kanal sahəsinin nümayəndələri iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev çıxışda bildirib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Cəlilabad rayonunda da diqqətdə saxlanılır.
Həmçinin çıxışında istehlakçılar arasında içməli sudan qənaətlə istifadə edilməsi barədə maarifləndirici işlərin aparılması tövsiyə olunmuşdur.
Tədbirin sonunda 3 nömrəli Regional Su-kanal idarəsinin Cəlilabad su-kanal sahəsinin mühəndisi Sultan Bayramov rayon ərazisində içməli su təminatında baş verən qəzaların dərhal aradan qaldırılması və su itkisinə yol verilməməsi barədə məlumat verilmişdir.