Cəlilabad rayonunda toxum sərgi-satış yarmarkası keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti Aqrar Biznes Festivalı və mövsümün sonuncu toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçirilib.
Cəlilabad Dövlət Peşə Mərkəzinin ərazisində keçirilən festivalda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları iştirak ediblər. Yarmarka çərçivəsində toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanından yararlanıblar.
Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Cəlilabadda təşkil edilən cari ilin sayca 29-cu Aqrar Biznes Festivalında özəl şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib.
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Aqrar Xidmətlər Agentliyinin Aqar Təlim Mərkəzi tərəfindən “Sertifikatlı toxumların əhəmiyyəti” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festivalda müxtəlif qadın qrupları və kooperativləri öz məhsullarının nümayiş və satışını həyata keçiriblər. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə məxsus müasir kənd təsərrüfatı texnikaları və tələbələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.