Cəlilabad rayonunda yağan qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələr ilə bağlı problemlər həll edilir
23 yanvar 2024-cü il tarixdən Cəlilabad rayonuna yağan aramsız güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi şəkildə davam etdirilir. Qarın yağdığı ilk gündən etibarən Cəlilabad Rayon İcra Hakimiyyətində yaradılan Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülmüş operativ tədbirlər nəticəsində şəhər və kəndlər arasında avtomobil yolları qardan təmizlənmiş, nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yaranmamışdır. Şəhər ərazisində avtomobil yolları tamamilə qardan təmizlənmişdir. Qarın yağması nəticəsində elektrik təsərrüfatına ciddi ziyan dəymişdir. Belə ki, güclü qarın yağması nəticəsində yanvarın 24-ü gecə saatlarında 10 kV-lıq elektrik hava xətlərinin də 15 ədəd işıq dirəyi aşmış, 150 yerdən xətt qırılmaları olmuş, 3000 metr naqil sıradan çıxmışdır. Eyni zamanda 0.4 kV-lıq paylayıcı elektrik hava xətlərinində 50 ədəd işıq dirəyi aşmış, 700 yerdən xətt qırılmaları olmuş, 5000 metr naqil sıradan çıxmışdır. Həmçinin 50 ədəd transformatorda qoruyucular yanmışdır. Nəticədə Cəlilabad şəhərinin müəyyən hissələrinə və rayonun 90 kəndinə elektrik enerjisinin verilişi dayanmışdır. Qəzaların əsasən meşəlik ərazilərdə, hərəkətin mümkünsüz olduğu əkin və relyefcə çətin yerlərdə baş verməsi yaranmış vəziyyətə müdaxilə olunmasına çətinliklər yaratmışdır.
Görülmüş operativ tədbirlər nəticəsində “Azərişıq” ASC tərəfindən rayona 5000 metr 10 kV-lıq elektrik xətləri üçün naqil, 45 ədəd elektrik dirəyi, 5000 metr 0.4 kV-lıq üçün SİP naqil, 100 ədəd dirək göndərilmişdir. “Azərişiq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd Kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunmuşdur.
Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanvarın 25-də Cəlilabad şəhəri də daxil olmaqla 65 kəndə elektrik enerjisinin verilişi təmin olunmuşdur. 10 və 0.4 kV-lıq hava xətlərində yaranmış qəzaların tam aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Cəlilabad Elektrik şəbəkəsi tərəfindən işlər davam etdirilir.