Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir

30 may 2025 | 17:30

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov, Masallı Regional Meşəçilik Mərkəzinin direktor müavini Rahib Ağayev, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Əlimusa Feyziyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, Lənkəran-Astara Regional Təhsil sektorunun əməkdaşı Ərəstun Vəliyev, Aqrar Sığortanın Cənub Regional fondunun rəhbəri Rafət Əsgərov, kənd(şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri, məktəb direktorları, Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələr kombinatının direktorları, mexanizatorlar və fermerlər iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev rayon ərazisində yerləşən şəhər və kənd yaşayış məntəqələrində yanğına qarşı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlərin aparıldığını və yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcudluğunu vurğulamışdır. O, çıxışında xüsusilə tikililərarası yanğına qarşı ara məsafələrinə riayət olunmaması, elektrik kabel və naqillərinin çəkilişi qaydalarının pozulması, tövlələrin çardaq hissəsində otun açıq və ya kipləşdirilmiş şəkildə yığılması, həyətyanı sahələrdə məişət və sair tullantı materiallarının nəzarətsiz yandırılması, taxıl sahələrində biçindən əvvəl və ya sonra bilərək və yaxud ehtiyatsızlıqdan yanğın hadisələrinin baş verdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Qalib Xudaverdiyev çıxışının sonunda 2025-ci ildə rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyinin yerli qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”nin əlaqələndirilməsinin vacibliyini bildirərək qurumların rəhbərlərinə bu sahədə daha da diqqətli olmağa çağıraraq tapşırıqlarını vermişdir.

Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov dənli və texniki bitkilərin yığılması, daşınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması, yanğın hadisələrinin baş verməməsi üçün nəzarət tədbirləri həyata keçirilməli olduğunu, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin keçirilməsini, eyni zamanda biçində iştirak edən texnikaların istismar vəziyyətinin kafi olmaması, ərazidə yerləşən təbii su mənbələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşıb su götürməsi üçün şəraitin yaradılmaması kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması halları yanğınların qısa müddət ərzində geniş sahəyə yayılmasına səbəb olduğunu vurğulamışdır.

Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov öz çıxışında dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilməli olduğunu qeyd etmişdir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalı, taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməli olduğunu bildirmişdir.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Əlimusa Feyziyev öz çıxışında yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Əlimusa Feyziyev xüsusi olaraq qeyd edərək bildirmişdir ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır.

Aqrar Sığortanın Cənub Regional fondunun rəhbəri Rafət Əsgərov öz çıxışında Aqrar Sığorta Fondu olaraq taxıl sahələrində baş vermiş yanğın hadisələrinin dövlət tərəfindən sığortalandığını, hər bir fermerin onlara müraciəti əsasında yanğın baş vermiş sahəyə mütəxəssislər tərəfindən baxış keçirildiyini və qanunamüvafiq qaydada qərar qəbul edilərək sahəyə dəymiş ziyan tam olaraq fermerə ödənildiyini bildirmişdir.

Müşavirənin sonunda taxıl və ot yığımı ərəfəsində bütün kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin yağınsöndürmə vasitələri ilə təmin edilməsi və məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməsi, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılması, bir daha məktəblərdə, əhali arasında maarifləndirici tədbirlərin keçirilməsi barədə aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir.

Mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər