Cəlilabad rayonunda yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilib
6 sentyabr 2024-ci il tarixində rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2023-2024-cü tədris ilində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunları və həmçinin bir sıra yarışlarda uğur qazanmış şagirdləri ilə görüş keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirdiyi vurğulanmışdır.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Görüşdə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş bir neçə məzun, həmçinin yarışlarda uğur qazanmış şagirdlər rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilmişdir.