Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun Sabirabad kəndində şəhid Musa Əsgərovun adını daşıyan küçənin açılışı olub

02 noyabr 2023 | 14:05

Cəlilabad rayonunun Sabirabad kəndində şəhid Əsgərov Musa Əlifağa oğlunun adını daşıyan küçənin açılışı olub.

Küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Musa Əsgərov 1997-ci il fevralın 17-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. 2003–2011-ci illərdə N. Məmmədov adına Sabirabad kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)də ali təhsil alıb..

Azərbaycan Ordusunun leytenantı olan Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Musa Əsgərov sentyabrın 28-də Cəbrayıl rayonu Cəfərabad kəndində kəşfiyyatda olarkən düşmən tərəfindən pusquya düşürülərək şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Musa Əsgərov ölümündən sonra  "Vətən uğrunda" medalı,  "İgidliyə görə" medalı,  "Kəlbəcərin azad olunmasına görə" medalı   "Cəbrayılın azad olunmasına görə" medalı və "Azərbaycan Bayrağı" orden ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər