Cəlilabad rayonunun Soltankənd kəndində səyyar qəbul-görüş keçirilib
20 may 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Soltankənd kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.
Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndə təbii qaz xəttinin çəkilməsi, subartezian quyusunun qazılması, kənddaxili yolların təmir olunması və digər məsələlər barədə fikirlərini bildirmiş, eyni zamanda şəxsi problemlərinin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Səyyar qəbul-görüş zamanı icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş, rayon səviyyəsində həlli mümkün olmayan müraciətlərlə bağlı aidiyyəti mərkəzi qurumlar qarşısında məsələ qaldırılmışdır.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmirinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.