Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2024 | 14:01

Hər il respublikanın bütün ümumtəhsil məktəblərində keçirilən son zəng tədbirləri, rayonumuzun məktəblərində də böyük sevgi və coşqu ilə qeyd olunur. Belə tədbirlərdən biri Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, şəhid ailələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Son Zəng” yığıncağını açıq elan edən şəhər 3 nömrəli tam orta məktəbin direktoru Mübariz Əsədov tədbirə qatılan bütün qonaqları salamlayıb. Mübariz Əsədov çıxışında 2023-2024-cü tədris ilində məktəbdə görülən işlərlə bağlı, eləcə də “ Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, bu əlamətdar gün münasibətilə məzunları ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov məzunları səmimi qəlbdən təbrik edib. Natiq çıxışında məhz gələcəyimizin bugünkü gənclərin əlində olduğunu bildirərək, təhsil sahəsinə  xüsusi diqqət yetirilməsininin vacibliyini vurğulayıb. Rafiq Cəlilov çıxışında onu da qeyd  edib ki, ölkədə yüksək səviyyədə  tədris olunan dərslərin əyani nəticəsidir ki, bugün yüzlərlə vətənpərvər oğlan və qızlar yetişir. Bunun bariz nümunəsi olaraq Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan, üçrəngli şanlı bayrağımızı işğaldan azad olunan torpaqlarda dalğalandıran igid oğullarımızı nümunə göstərmək olar.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və şəhid valideynləri təbriklərə qoşularaq, məktəbi bitirən şagirdləri təbrik edib, onlara vətənə və millətə layiq övlad olmalarını arzu edib.

“Son Zəng” tədbiri məktəblilərin göstərdikləri müxtəlif rəqs nümunələri ilə davam etdirilib.  

Keçidlər