Cəlilabad şəhərində şəhid İlqar Zeynalovun barelyefinin açılışı olub
Cəlilabad şəhərinin mərkəzində Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn Zeynalov İlqar Natiq oğlunun barelyefinin açılış mərasimi keçirilib.
Tədbirdə Cəlilabad rayon İcra hakimiyyətinin rəsmiləri, YAP rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Himni səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi yad edilib.
Tədbir iştirakçılarından Maşallah Əliyev, Varid Əsgərov, Elçin Hüseynov, Ağaxan Ağayev, Mirsüleyman Mirxaslı, çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır.
Çıxışlarda həmçinin Vətənə, torpağa bağlı olan İlqar Zeynalovun keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Qeyd edilib ki, qəhrəman şəhid 44 günlük Vətən müharibəsinin ilk günündən yoldaşları ilə birgə düşmənə ağır zərbələr endirib.
Şəhidin atası Natiq Zeynalov, əmisi Bayraməli Zeynalov göstərilən diqqətə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Sonra şəhidin barelyefi üzərindəki örtük götürülüb, önünə tər gül dəstələri düzülüb.
Qeyd edək ki, şəhid İlqar Zeynalovun adı əbədiləşdirilərək keçmiş Mirzəli Hüseynzadə küçəsinə verilmişdir.