Cəlilabadda 1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilib
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunub.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Varid Əsgərov, rayonun yazıçı və şairləri, ziyalılar, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Varid Əsgərov çıxış edərək qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Artıq 25 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.
Digər çıxış edənlər, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi inkişafı, qorunması və zənginləşdirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi və latın qrafikalı Azərbaycan əlifbasının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl siyasətdən bəhs etmişdir.
Bildirilib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir. Ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbir iştirakçıları Azərbaycan dilinin inkişafı və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstəklərini ifadə ediblər.






