Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan genişmiqyaslı layihələr sırasında Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.
Ümumi uzunluğu 36,2 kilometr, eni ortalama 10 metr təşkil edən yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə gətirib çıxarırdı.
02 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarında aparılan təmir-tikinti işləri ilə yaxından tanış olub.RİH başçısına məlumat verildi ki, yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.