Cəlilabadda 15-İyun Milli Qurtuluş Günü qeyd edilib
İyunun 13-ün də Cəlilabadda Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək şagirdlərin hazırladığı 15 İyun - Milli Qurtuluş Günü və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto sərgilərə baxış keçirmişlər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirmişdir ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və öz dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarla qarşı-qarşıya qaldığı bir vaxtda xalqın təkidi və istəyi ilə iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, bütün məsuliyyəti öz üzərinə götürərərək xalqın müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirdi. Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır, deyən ümummilli lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqının öz liderinə sonsuz etimadı və dəstəyi olub. Ulu öndər məhz bu sevgiyə, dəstəyə arxalanaraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll edib.
Ümummilli liderin yorulmaz fəaliyyətləri nəticəsində Azərbaycanın dünyada nüfuzu və mövqeyi güclənib, ölkəmiz beynəlxalq təşkilatlarda böyük uğurlar əldə edib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə yeni müstəvidə davam etdirilir. Prezident İlham Əliyev xalqımızın milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Ulu öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri Ulu Öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir.
Tədbirdə 15 İyun - Milli Qurtuluş Günü haqqında sənədli film nümayiş etdirilmişdir.
Daha sonra çıxış edənlər bildirdilər ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində, min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad mədəniyyət mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.