Cəlilabadda 15-İyun Milli Qurtuluş Günü qeyd edilmişdir.
Cəlilabadda 15-İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoydular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək 15 İyun - Milli Qurtuluş Günü və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto sərgilərə baxış keçirmişlər.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Qalib Xudaverdiyev bildirib ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.
Tədbirdə 15 İyun - Milli Qurtuluş Günü haqqında sənədli film nümayiş etdirilmişdir.
Daha sonra çıxış edənlər bildirdilər ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində, min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır.
Sonda tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin solistlərinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.































