Cəlilabadda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib
Oktyabrın 18-də Cəlilabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 32-ci ildönümü qeyd olunub. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində dövlət himni səsləndirilmiş, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov ilk öncə Azərbaycanın müstəqillik qazanmasının 32-ci ildönümü münasibəti ilə toplantı iştirakçılarını ürəkdən təbrik etmiş, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. RİH başçısı bildirdi ki, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin gərgin fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edildi. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci ilin noyabrın 12-də müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqilliyimizin 32-ci ildönümünü qeyd edərkən qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Tədbirdə çıxış edənlər Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar.
Həmçinin, tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş etdirilib.