Cəlilabadda 20 Yanvar-Ümumxalq Hüzn Günü qeyd olunub
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 400 nəfər qanunsuz olaraq həbs edilib və 4 nəfər itkin düşmüşdür.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər Parkı Abidə Kompleksində anım mərasimi keçirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.
Bakı vaxtı ilə saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.