Cəlilabadda 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.
Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edib. Bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Şəhid ataları Soltanov Mehdi, Ağahüseynli Əlyar, Nadirov İlqar, qazi palkovnik-leytenant Kamil Düniyev və qazi Taleh Hüseynov çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra 27 sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.