Cəlilabadda 27 sentyabr - Anım Günü qeyd olunub
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.
Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və din xadimləri iştirak edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutduğunu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığını bildirib. RİH başçısı 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığı vurğulayıb.Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyi qeyd olunub.
Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Cəlilabad şəhəri, Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.