Cəlilabadda 27 sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib
Rayon İcra Hakimiyyətinin inzibati binasında 27 sentyabr - Anım Gününə ilə bağlı keçirilən dəyirmi masada RİH başçısının birinci müavini Qalib Xudaverdiyev, aparatın əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH başçısının birinci müavini Qalib Xudaverdiyev bildirib ki, Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına hər günü bir qəhrəmanlıq dastanı olan, tarixə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əbədi olaraq qürur və fəxarət mənbəyinə çevrildi. Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi olan bu tarixi Qələbə ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.
Tədbirdə YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı və digər çıxış edənlər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimizdən, bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən danışıblar.






