Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib

27 sentyabr 2025 | 14:20

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.

Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul əməkdaşları, hüquq- mühafizə orqanlarının, idarə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev tədbirdə çıxış edərək qeyd etmişdir ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Şəhid Nahid Məmmədovun atası Hüseynağa Məmmədov və şəhid Şahin İbadovun həyat yoldaşı Zenfira Şahmarova çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər