Cəlilabadda 28 May-Müstəqillik Günü münasibətilə dəyirmi masa
Mayın 26-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdiyini, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirdi. Qeyd etdi ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı.
Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı və digər çıxışçılar Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etdilər.