Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 28 May-Müstəqillik Gününün 106-cı ildönümü qeyd edilib

27 may 2024 | 14:45

Mayın 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov xalqımızı Respublika günü münasibəti ilə təbrik etmiş, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar diləmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdiyini, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin beynəlxalq aləmdə yaranmış gərginlik, Şimalda yaranmış təhlükə nəticəsində Demokratik Respublika uzun müddət fəaliyyət göstərə bilmədi. 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən süquta uğradıldı. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımzda istiqlal və suverenlik duyğularını gücləndirdi.

Azərbaycanın yenidən müstəqillik əldə etdikdən sonra, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Qısa zaman ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafını təmin edəcək tədbirlər görüldü. Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası dünyada sayılıb-seçilən beynəlxalq tribunalarda öz sözünü deməyi bacaran bir dövlətdir.

Daha sonra Müstəqillik Günü haqqında videoçarx nümayiş etdirilmişdir.

YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Nadir Babayev, Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin müəllimi, Vətən müharibəsi iştirakçısı Firuz Mehtiyev və rayon gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov çıxış edərək 28 May Respublika Gününün Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etmiş və Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirmişlər.

Keçidlər